Avropa İttifaqının maliyyə və texnoloji dəstək göstərməsi mümkündür - Natiq Miri

15:44 12.03.2026
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koştanın 2026-cı il 11 mart tarixli birgə mətbuat bəyanatı Azərbaycan-Aİ münasibətlərinin yeni mərhələyə qədəm qoyması kimi dəyərləndirilib. Bəyanatda nəqliyyat və regional bağlantılar əksini tapıb. Avropa İttifaqı ilə yeni əməkdaşlıq mərhələsi regiona bu istiqamətdə nələri vəd edir.

Bu istqamətdə Hafta.az-ın suallarını politoloq Natiq Miri cavablandırıb.

- Azərbaycan Orta Dəhlizin inkişafında əsas tranzit ölkələrdən biri kimi çıxış edir. Bu istiqamətdə Aİ ilə əməkdaşlığın genişlənməsi hansı konkret layihələrə təsir göstərəcək?

- Bu gün Rusiya Ukrayna müharibəsi Avropa İttifaqı ölkələrinin faktiki sərhədlərinə yaxın ərazidə davam edir və onun yaxın zamanda bitəcəyi ilə bağlı hələ ki, ciddi bir irəliləyiş görünmür. Bu isə Avropanın iqtisadi, siyasi və hərbi təhlükəsizliyi üçün ciddi risklər yaradır. Belə bir vəziyyət eyni zamanda Avropa İttifaqı ölkələrini alternativ ticarət və nəqliyyat marşrutları axtarmağa sövq edir. Məhz bu kontekstdə Azərbaycanın təşəbbüsü ilə uzun illərdir formalaşan və bu gün artıq beynəlxalq səviyyədə strateji layihə kimi qəbul edilən Orta Dəhliz xüsusi əhəmiyyət qazanır. Bu marşrut Asiya ilə Avropanı birləşdirən ən təhlükəsiz və perspektivli nəqliyyat yollarından biri kimi qiymətləndirilir. Xüsusilə də Yaxın Şərqdə gərginliyin artması və Hörmüz boğazı ətrafında yaranan problemlər qlobal ticarət üçün ciddi risklər yaradır. Bu marşrutdan keçən neft tankerlərinin və konteyner gəmilərinin hərəkətində problemlərin yaranması dünya iqtisadiyyatı üçün potensial böhran təhlükəsi deməkdir. Belə bir şəraitdə Orta Dəhlizin alternativ və etibarlı marşrut kimi əhəmiyyəti daha aydın görünür. Çünki Azərbaycan həm Şərq Qərb nəqliyyat dəhlizi, həm də Şimal Cənub nəqliyyat dəhlizi kimi iri beynəlxalq layihələrin kəsişməsində yerləşən mühüm geostrateji körpü rolunu oynayır. Bu isə ölkəmizin qlobal logistika və enerji təhlükəsizliyi sistemində rolunu daha da artırır. Bu baxımdan Avropa İttifaqının Azərbaycanla münasibətlərin əhəmiyyətini daha aydın şəkildə dərk etməsi müsbət haldır. Bunu müəyyən mənada gecikmiş addım kimi qiymətləndirmək olar, lakin hər halda bu reallığın qəbul edilməsi həm Avropa İttifaqının, həm Cənubi Qafqaz regionunun, həm də Azərbaycanın maraqlarına uyğundur. Məsələn, perspektivdə Zəngəzur dəhlizi layihəsi çərçivəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yeni nəqliyyat-kommunikasiya xətlərinin yaradılması planlaşdırılır. Eyni zamanda Naxçıvandan Türkiyə istiqamətində yeni dəmir yolu və avtomobil yollarının çəkilməsi nəzərdə tutulur. Bu layihələrdə Avropa İttifaqının həm maliyyə, həm texnoloji dəstək göstərməsi mümkündür. Digər tərəfdən enerji sahəsində əməkdaşlıq da böyük perspektivlər vəd edir. İlham Əliyev çıxışlarında vurğuladığı kimi, yaxın illərdə Azərbaycan təxminən 8 giqavat həcmində bərpa olunan enerji istehsal etməyi planlaşdırır. Bu isə ölkənin daxili ehtiyaclarından artıq olacaq və ixrac imkanları yaradacaq. Bu baxımdan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu daha da artacaq. Bundan əlavə, yeni neft-qaz yataqlarının işlənməsi və enerji istehsalının artırılması ilə bağlı layihələr də gündəmdədir və bu sahədə Avropa şirkətlərinin iştirakı mümkün görünür. Ümumiyyətlə, Avropa İttifaqı kimi inkişaf etmiş iqtisadi və texnoloji məkanla əməkdaşlıq Azərbaycan üçün də böyük imkanlar yaradır. Təsadüfi deyil ki, son statistik göstəricilərə görə Azərbaycanın xarici ticarət dövriyyəsinin təxminən yarısı məhz Avropa İttifaqı ölkələrinin payına düşür.

- Naxçıvanda dəmir yolu infrastrukturunun modernizasiyası və TRIPP layihəsi regional ticarət və logistika üçün hansı imkanlar yarada bilər?

- Qeyd etdiyim kimi, Avropa İttifaqının xüsusilə Naxçıvan regionunda nəqliyyat və logistika infrastrukturu layihələrinə sərmayə qoyması həm regional inkişaf, həm də beynəlxalq nəqliyyat sisteminin genişlənməsi baxımından çox əhəmiiyyətli ola bilər. Üstəlik bu infrastrukturun Avropa standartlarına uyğun qurulması regionun iqtisadi inkişafına əlavə təkan verəcək.
Eyni zamanda, Yaxın Şərqdə gərginliyin artdığı bir dövrdə bəzi qüvvələrin regionda sabitliyi pozmaq və Azərbaycanla Türkiyəni münaqişələrə cəlb etmək cəhdləri də müşahidə olunur. Lakin həm Azərbaycan, həm də Türkiyə bu məsələdə son dərəcə ehtiyatlı və məsuliyyətli siyasət yürüdərək regionda sabitliyin qorunmasına çalışır.

- Aİ-nin Orta Dəhlizə marağı regionda iqtisadi və geosiyasi balansı necə dəyişə bilər?

- Nəticə etibarilə, Avropa İttifaqının Orta Dəhlizə marağının artması artıq müəyyən mənada zərurətə çevrilib. Çünki digər ticarət marşrutlarının bir çoxu ya müharibə zonalarından keçir, ya da təhlükəsizlik baxımından risklidir. Bu baxımdan Orta Dəhliz həm zaman, həm təhlükəsizlik, həm də iqtisadi səmərəlilik baxımından Avropa üçün cəlbedici marşrut kimi çıxış edir.
Bu proses eyni zamanda Azərbaycanın geosiyasi və iqtisadi əhəmiyyətinin qlobal səviyyədə artmasına, eləcə də ölkəyə yeni investisiyaların cəlb olunmasına imkan yaradır.

Tahirə Qafarlı